Ən son yeniləmələr Toggle Comment Threads | Klaviatura Qısayolları

  • aflatunus 03:52 on 26/11/2011 Daimi bağlantı | Cavabla
    Etiketlər: 3G, Azerfon-Vodafone, mobile internet   

    İnternet yoxsa əsəb? 

    Açıldığı ilk vaxtlardan Azerfon-Vodafone mobil internet istifadəçisiyəm.

    Ev üçün ADSL qoşdurmuşdum. Azerfon-a 3G lisenziyası verildikdən sonra qərara gəldim ki, artıq mobil modem alım və internetimi özümlə hər yerə danışa bilim. Evdə ADSL-i dayandırdım və Azerfon mobil modemi aldım.
    Aldım, amma aldığıma peşman oldum:

    Öncədən ödəməli aylıq paketlərdən birini işlədirdim. İlk ay başa çatdı. İkinci ay hesaba yüklədiyim pullar heç cür aktivləşmək bilmirdi. Bu barədə müşəri xidmətləri də mənə heç bir kömək etmədi (ya da edə bilmədi). Onlarla danışıq zamanı məlum oldu ki, mənim ödədiyim ödəniş ümumiyyətlə aylıq istifadə haqqı imiş; aldığım internet trafik isə (yəni öz aləmimdə almaq üçün pul ödədiyim şey), BONUS olaraq mənə verilirmiş. Bu o deməkdir ki, sən pulu ödəyirsən, internetdən istifadə haqqı satın alırsan, amma internetin özü isə sənə BONUS olaraq verilir. Başqa sözlərlə desək, sənə verilmiş internet istifadə haqqıni işlədə bilməsən buna görə hüquqi baxımdan “incimək” lazım deyil. Hətta bu barədə şikayət belə yazdım şirkətin prosedur qaydalarına uyğun olaraq.

    Uzun müddət bu aktivləşməmə problemi ilə əlləşdikdən sonra bir müddət o modemi ümumiyyətlə işlətməmək qərarına gəldim. O arada sistemdəki problemlərin aradan qaldırılması üçün xaricdən mütəxəssislərin gəldiyi barədə məlumat aldım. Müştəri xidmətlərindən zəng vurub, artıq problemlərin həll olduğunu və növbəti ay üçün yenidən ödəniş edib istifadə etməyi təklif etdilər. Mən qarantiya tələb etdim, dedilər ki, elə bir şey verə bilməzlər. Təklif elədim ki, hələlik aktivləşdirsinlər; işləsə ödəniş edim, istifadə edim: razı olmadılar. Dedim, ödəsəm, işləməsə ödənişi geri qaytaracaqlar? Buna da mənfi cavab verdilər.

    Daha sonra isə Azerfon-Vodafone gündəlik-həftəlik paketlər çıxardı. Mən də yenidən bəxtimi sınaq qərarına gəldim. Belə daha az risklidir.

    Bəzən elə olur ki, sən tam da gündəlik 2 manatlıq istifadə haqqını ödəyirsən amma internetə qoşula bilmirsən. Müştəri xidmətlərinə zəng vurursan və məlum olur ki, “təkmilləşdirilmə işləri aparılır” və “ən az 2-3 saat” internet olmayacaq. Müştəri xidməti təkmilləşdirilmə işlərinin nə vaxt başa çatacağı və internetə nə vaxt qoşula biləcəyin barədə dəqiq vaxt deməmək mövzusundan “çox həssasdır”. Həmin gün, ki adətən evdə axşam qoşulmaq lazım olur, kompyuteri söndürüb yatmalı olursan. İşlər isə, yarımçıq qalır.

    Sürət ümumiyyətlə zəifdir. Bəzən normal sürət olsa da, çox vaxt bu stabil olmur. Tez-tez qırılır. Məsələn Youtube-da 320 ölçülü videoya dayanmadan, axcı baxmaq mümkün olmur çox vaxt. Skype-da video chat etmək bəzən mümkün olur. Amma bir çox hallarda problem yaşanır. Ən azından mənim təcrübəmdə adətən belə olub. Özümlə bir neçə dəfə Lənkərana aparmışam. Orda Skype-la vəziyyət daha da pis olub.

    Image

    Speedtest.net nəticəsi

    Onu qeyd eliyim ki, bu yazını yazarkən internet bir neçə dəfə qırıldı. Yəni şəbəkəyə qoşulmuş halda qalırsan, amma internet olmur (Access: Local only). Yenidən qoşulmaq lazım gəlir (disconnect/connect).
    Bütün bunlara baxmayaraq hələ də işlədirəm. Niyə? Yəqin ona görə ki, hələ də ümid edirəm düzəcəyinə. Ən azından artıq alternativsiz deyil.

    P.S.: Yazını Yoxla.az-da istifadəçi qeydi olaraq yazmağa başlamışdım. Uzandıqca uzandı və saytın 3000 işarəlik limitini aşdı. Burada yazıb ordan link vermək qərarına gəldim.

     
  • aflatunus 20:35 on 19/06/2011 Daimi bağlantı | Cavabla
    Etiketlər: broşur, email marketing, flayer, flyer, liflet, spam   

    Milli Spam MMC 

    spamBu yazını oxuyursunuzsa, artıq SPAM-la da çoxdan tanışsınız deməkdir.

    İnternet kommunikasiyalarının qara üzlərindən biri də spamdır.  Qısaca “kütləvi olaraq yayımlanan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumat” olaraq tərif vermək olar spama. Çox əhatəli anlayış olsa da biz sadəcə e-mail  spamları haqqında danışacağıq burada.

    Dünyada hər gün yüz milyardlarla spam e-mail göndərilir. Bu ümumilikdə göndərilən elektron məktubların təxminən 85 faizini təşkil edir.

    Spamların statistikası, coğrafi mənşəyi, məzmunu, iqtisadiyyatı haqqında çoxlu yazılar yazılıb.  Hətta bu yaxınlarda beynəlxalq nüfuzlu nəşrlərdə yayımlanan spamla bağlı bir neçə yazıda ölkəmizin və banklarımızın adları da çəkildi.

    Daha çox spama məruz qalanlar əsas alınaraq yazılan bu yazılar adi istifadəçiləri spam-dan qorumaq yolları axtarışında yazılıb. Biz isə, burda spam göndərənləri düşünüb, onların halına yanacağıq. Daha doğrusu milli spam göndərənləri.

     

    “Soğan olsun, nağd olsun”

    Nə vaxt bir müştəri ilə (əsasən də kiçik biznes sahibləri ilə) biznesin inkişafı, yeni müştərilərin cəlb olunması, yeni xidmət və məhsulların, kampaniyaların insanlara çatdırılması haqqında danışsaq, söz dönüb-dolaşıb gəlir flayer paylamağa.

    Müştəri yəqin ki “soğan olsun, nağd olsun” prinsipi ilə yanaşır məsələyə. Kampaniya haqqında bütün məlumatı “ŞOK, İLK, TƏK, YEK” kimi sözlərlə və səliqəsiz bir dizaynla doldurur bir kağız parçasına və cavan oğlanın ya da qızın birinə tapşırır ki, bunu paylasın küçədən keçən camaata.

    Düşünür ki, bəli, məlumat hazırdır, 20 min dənə çap olunub. Gözümün qabağındadır. Əllə tutmaq da olur. Yəni realdır. 20 min flyer! Bu 20 min adam deməkdir! Onlardan 2-3 faizi belə gəlib müştəri olsa, bəsimizdir. Əslində ürəyinin dərinliklərində daha çox geri dönüş olacağına inanır.

    Amma bu lifletlərin, flayerlərin hansı insanlara çatdırılması, bunları alan insanların onu oxuyub-oxumaması, oxusa belə onda necə bir təəssürat oyadacağı barədə çox dərindən düşünmürlər. Düşünməyi təklif etdikdə də: “Siz məsələyə reklamçı gözüylə baxırsız” deyib nöqtəni qoyurlar.

    Flayer meselesi əlbəttə, başqa bir yazının mövzusudur. Amma Spam-la da əlaqəsi var.

    Məsələ ondadır ki, Spam göndərən şirkətlər də eyni məntiqlə düşünürlər: “Soğan olsun, nağd olsun”.

    Əslində ikisi arasında fərq heç yoxdur demək də düzgün deyil. Ən azından hüquqi baxımdan arada böyük fərq var. Spam göndərməkdən fərqli olaraq küçədə durub flayer paylamaq daha qanuni bir fəaliyyətdir. Spam isə artıq bir çox ölkədə qanun pozğunluğu sayılır. Və ümumiyyətlə yoldan keçən insan orada paylanan broşuru, lifleti, flayeri almaqdan imtina edə bilər rahatlıqla.

     

    Kimdir Spam göndərənlər?

    Spam bizə bir çox “gözəl” şey kimi, xaricdən gəlib. Amma biz də öz “gözəlliyimizi” qatmışıq bu işə.

    Dünya üzrə spam göndərənlər adətən açıq aşkar, normal yoldan məhsullarını, xidmətlərini təklif, təbliğ edə bilməyənlərdir. Dünya üzrə spamla ən çox əczaçılıq sektoruna aid məhsul və xidmətlər reklam olunur. Bunların böyük əksəriyyəti cinsi gücü artıran vasitələr və  artıq çəkidan azad olmaq üçün vasitələrdir. Bundan başqa spamla bahalı saatların saxta oxşarları, online qumar saytları, kazinolar, saxta diplomlar, phishing cəhdləri, saxta lottareyalar reklam olunur. Bütün bu xidmət və məhsulların ortaq özəlliyi online əldə oluna bilmələridir.

     

    Gələk bizə

    Bir neçə il əvvəl bizdə spamlar yeni-yeni görünməyə başlayanda kifayət qədər az idilər və diqqəti cəlb edə bilirdilər. Sırf belə maillərin toplandığı qovluq da yaratmışdım Yahoo mailimdə.

    Daha çox qız adlarından göndərilən bu “reklamlar” əsasən ayrı-ayrı əyləncə saytlarına aparırdı. Saytlar da Zəngimcell-lə gəlir əldə etməyə çalışırdılar.

    Milli Spam

    Paralel olaraq Gmail hesabımda da “milli spam” adlı “label” yaratmışam. Gmail hesabım bir neçə korporativ e-mailləri də cəməşdirdiyinə görə, o hesablara gələn spamlar da burda yığılır. Müqayisə etmək üçün qeyd edim ki, fərdi e-maillərdən adətən info@…., contact@…. kimi başlayan korporativ e-mail hesablarına daha çox spam göndərilir.

    Korporativ e-mail hesablarına daha çox spamın gəlməsi öz-özlüyündə, onların məzmunu barədə fikir söyləmyə imkan verir. Belə ki, hazırda spam mailləri arasında B2B təkliflərin sayı önəmli dərəcədə artıb. Getdikcə daha çox şirkətlər öz məhsullarını başqa şirkətlərə təklif etmək üçün spama əl atırlar.

    Bundan başqa, fərdlərə yönəlik təkliflər də korporativ e-maillərə spam olunur. Məsələn, (turizm agentlikləri kimi) bəzi şirkətlər, öz məhsulları barədə spamları korporativ e-maillərə göndərməklə   tanıtmaq yolunu seçirlər. Bunu edərkən onlar, çox güman ki, bu e-mail-ə baxanların “satınalma gücü daha çox olan”, “işlə təmin olunmuş”, hətta “rəhbər” şəxslər olduqlarını düşünərək edirlər.

    Korporativ e-maillərə gələn spamların çoxluğu həm də, onların fərdi e-maillərə nisbətən daha daha rahat əldə oluna bilmələrinə görə də ola bilər.

     

    Patrick Hellmann spam maili

    Patrick Hellmann spam maili

    Milli spammerlər

    Spamla məhsul və xidmətlərini tanıtma yolunu seçən milli şirkətlərimiz heç də, dünyadakı kimi qeyri-leqal, normal yollardan satış və tanıtım edə bilməyən şirkətlər deyil. Spama əl atan şirkətlərimiz arasında kurslar, kafelər, tədbirlər kimi kiçik biznes sahələri olduğu kimi, banklar, avtomobil dilerləri kimi olduqca ciddi və böyük şirkətlər də var.

    Spama əl atan şirkətlərə avtomobil şirkətləri arasında Chery MotorsOpelSkoda rəsmi təmsilçilərini; bank sektorundan Bank of BakuRoyalBank-ı; turizm şirkətləri arasından Dervish travel, GREENWICH Travel ClubGeo-Travel-i; otellər arasından Landmark Hotel Baku, Panorama Villa Lux, Ambiance Hotel, Kiçik Qala otelini; tibb mərkəzləri arasından isə İstanbul FBM estetik klinikasını, Mərkəzi KlinikanıAtlas Tibb Mərkəzini nümunə göstərmək olar. Milli spammerlər arasında dünyanın məhşur moda brendləri də var. Belə ki, Azərbaycanda hətta Pierre Cardin, Patrick Hellmann kimi brendlər belə spamla reklam olunur.

    Əslində spam göndərənlər arasında bunu e-mail marketing niyətiylə edənlər də var. Onlara spamı bu adla satmış ola bilərlər. Spamı e-mail marketing adı altında müdafiə edə bilərlər. Amma, spamla e-mail marketing arasında yerlə göy qədər fərq var. Bu barədə isə növbəti yazıda.

     
    • javideas 10:39 on 20/06/2011 Daimi bağlantı | Cavabla

      Greenüich öldürübeee doğrudan da:)

    • Tural 00:29 on 24/06/2011 Daimi bağlantı | Cavabla

      Əflatun,siyahıya Celamig (medic.az) da əlavə edə bilərsən.

    • Farid 03:05 on 24/06/2011 Daimi bağlantı | Cavabla

      Teklif edirem, nospam.az sayti achib, butun spammerleri gosterek. Ilko’dan tutmush balacalarina kimi. Chox qudurublar!
      Bugunkiler: PierreCardin (Pierre Cardin eee! lol), Shans Metbee, Celamig Medic.
      Screenshots:
      http://www.imagebam.com/image/ad3343137787886
      http://www.imagebam.com/image/67a561137787891
      http://www.imagebam.com/image/257270137787897

      • aflatunus 04:34 on 24/06/2011 Daimi bağlantı | Cavabla

        Farid. Sən deyən variant bir dəfə təklif olmuşdu, bu mövzunu müzakirə etdiyimiz qapalı bir sistemdə.
        Amma düşünürəm ki, məqsəd təkcə onları (spammerləri) tapıb ortaya çıxarmaq, ifşa etmək, gözdən salmaq olmamalıdır.
        Adamları başa salmaq lazımdır ki, tutduqları yol özlərinə heç də başucalığı gətirmir və qətiyyən effektiv deyil.
        İnşallah bunun üçün növbəti yazıda Spam-ın niyə göndərənin özü üçün zərərli olduğu, spam yerinə email marketing-in necə təşkil edilməli olması mövzularına toxunacam. Və bu yazıların linkini həmin spammerlərə göndərəcəm.
        Ümid eliyirəm ki, bu daha effektiv addım olar. 🙂

    • Farid 20:11 on 25/06/2011 Daimi bağlantı | Cavabla

      Gözəl fikirdi, həmişəki kimi sizi dəstəkləyirəm!

    • Farid 16:40 on 27/06/2011 Daimi bağlantı | Cavabla

      http://ilkoreklam.com/rem.htm

      “Опасайтесь мошенников!
      Не станьте жертвой малолетних мошенников, работайте с профессионалами!”

      😆

  • aflatunus 04:07 on 22/05/2011 Daimi bağlantı | Cavabla
    Etiketlər: bismillah   

    Bismillah… 

    Uzun zamandır (ən azından bir həftə) ilk blog postumun nə barədə olması haqqında fikirləşirəm. Zarafat deyil, ilk post. 🙂

    Əslində yazılmağı gözləyən o qədər çox mövzu var ki… Əlbəttə hər biri öz yerində, məqamında çox əhəmiyyətlidir. Ancaq ilk yazının bütün yazılardan daha önəmli olduğunu düşünürəm. İlkin təəssürat kimi.

    Həyatda, ilklərə həmişə böyük önəm verib insanlar. İstər şuurlu olaraq, istərsə də fərqinə varmadan. Burda ilk a, ilk b, ilk c və ilaxır diyə sıralamağa ehtiyac görmürəm. Sonradan gələnlər nə qədər önəmli olsalar da ilklərin əlçatmaz bir üstünlükləri var həmişə: ilk olmaq.

    Bu xüsusilə də ünsiyyətdə belədir. İlkin təəssürat münasibətlərin necə davam edəcəyini müəyyən edir. Adətən ilk 6-7 saniyə ərzində qarşındakı insanın “necə bir insan” olduğu barədə qərarını verirsən; alacağın kitabın üz qabığı, arxasında yazılmış qısa mətn, onu alıb-almamağın haqqında qərarı müəyyən edir çox vaxt; filmin fraqmentinə baxıb seçirsən: baxmağa dəyər ya yox və s. İlkin təəssüratın formalaşması necə tez başa gəlirsə, onların dəyişdirilməsi də bir o qədər çətin olur.

    Bütün bunlara görə, “hə… harda qalmışdıq?” deyib birbaşa mövzuya girməyə çəkinir insan.
    Ama, ilk yazı da öz ilkliyini bilməli və madəm ki, özündən sonra gələnlərin həyatında bu qədər mühüm rol oynayır, heç olmasa bir az da xeyri dəyməlidir onlara. Məsələn, gələcək yazıların mövzusu, istiqaməti, yanaşma tərzi barədə xəbər verməlidir oxuyucularına.

    Bilmirəm girişdən anlaşılır ya yox, düşünürəm ki, yazıların təməl mövzusu “ünsiyyət” olacaq. Motivi, zamanı, məkanı, məzmunu nə olursa olsun həmişə hadisələrin mərkəzində “kommunikasiya” duracaq. Daha da konkretləşdirmək lazımdısa, əsasən marketing, branding, digital marketing-lə bağlı yazılar yer alacaq blogda.

    Mövzu geniş olduğu üçün, vaxtaşırı, dil, mədəniyyət, sosiologiya, iqtisadiyyat, texnologiya kimi sahələrə də toxunmaq qaçılmaz olacaq.

    Amma yazılacaq yazılar nədən danışır danışsın, onsuz da aktiv oxuyucu həmişə öz istədiyi kimi mənalandıracaq onları. Bizim üçün yeni sayılan belə bir sahənin dilə gətirilməsi üçün imkanlarının az olduğunu düşündüyüm Azərbaycan dilini elə də mükəmməl bilməməyimi və təhsilimin “yabançı” dildə olmasını bəhanə göstərməməyə, mümkün qədər anlaşılan dildə ifadə etməyə çalışacağam.

    İlk olmaqla birlikdə gələn, amma heç də həmişə müsbət məna daşımayan bir xüsusiyyət daha var: tək olmaq. Bir müddət ikisi birlikdə addımlayır: “ilk” və “tək”. Daha sonra “ilk” tək qalır. İnşallah bu blogda da belə olar. 🙂

     
  • aflatunus 21:15 on 11/05/2011 Daimi bağlantı | Cavabla
    Etiketlər: ilk blog yazısı   

    Salam,

    Bu, blog-da ilk yazımdır. İnşallah davamı gələr. 🙂

     
c
yeni bir yazı yaradın
j
növbəti yazı/növbəti şərh
k
əvvəlki yazı/əvvəlki şərh
r
Cavabla
e
Redaktə et
o
Şərhləri göstər/gizlət
t
yuxarı gedin
l
Girişə qayıt
h
yardımı göstər/gizlət
shift + esc
İmtina