Bismillah…

Uzun zamandır (ən azından bir həftə) ilk blog postumun nə barədə olması haqqında fikirləşirəm. Zarafat deyil, ilk post. 🙂

Əslində yazılmağı gözləyən o qədər çox mövzu var ki… Əlbəttə hər biri öz yerində, məqamında çox əhəmiyyətlidir. Ancaq ilk yazının bütün yazılardan daha önəmli olduğunu düşünürəm. İlkin təəssürat kimi.

Həyatda, ilklərə həmişə böyük önəm verib insanlar. İstər şuurlu olaraq, istərsə də fərqinə varmadan. Burda ilk a, ilk b, ilk c və ilaxır diyə sıralamağa ehtiyac görmürəm. Sonradan gələnlər nə qədər önəmli olsalar da ilklərin əlçatmaz bir üstünlükləri var həmişə: ilk olmaq.

Bu xüsusilə də ünsiyyətdə belədir. İlkin təəssürat münasibətlərin necə davam edəcəyini müəyyən edir. Adətən ilk 6-7 saniyə ərzində qarşındakı insanın “necə bir insan” olduğu barədə qərarını verirsən; alacağın kitabın üz qabığı, arxasında yazılmış qısa mətn, onu alıb-almamağın haqqında qərarı müəyyən edir çox vaxt; filmin fraqmentinə baxıb seçirsən: baxmağa dəyər ya yox və s. İlkin təəssüratın formalaşması necə tez başa gəlirsə, onların dəyişdirilməsi də bir o qədər çətin olur.

Bütün bunlara görə, “hə… harda qalmışdıq?” deyib birbaşa mövzuya girməyə çəkinir insan.
Ama, ilk yazı da öz ilkliyini bilməli və madəm ki, özündən sonra gələnlərin həyatında bu qədər mühüm rol oynayır, heç olmasa bir az da xeyri dəyməlidir onlara. Məsələn, gələcək yazıların mövzusu, istiqaməti, yanaşma tərzi barədə xəbər verməlidir oxuyucularına.

Bilmirəm girişdən anlaşılır ya yox, düşünürəm ki, yazıların təməl mövzusu “ünsiyyət” olacaq. Motivi, zamanı, məkanı, məzmunu nə olursa olsun həmişə hadisələrin mərkəzində “kommunikasiya” duracaq. Daha da konkretləşdirmək lazımdısa, əsasən marketing, branding, digital marketing-lə bağlı yazılar yer alacaq blogda.

Mövzu geniş olduğu üçün, vaxtaşırı, dil, mədəniyyət, sosiologiya, iqtisadiyyat, texnologiya kimi sahələrə də toxunmaq qaçılmaz olacaq.

Amma yazılacaq yazılar nədən danışır danışsın, onsuz da aktiv oxuyucu həmişə öz istədiyi kimi mənalandıracaq onları. Bizim üçün yeni sayılan belə bir sahənin dilə gətirilməsi üçün imkanlarının az olduğunu düşündüyüm Azərbaycan dilini elə də mükəmməl bilməməyimi və təhsilimin “yabançı” dildə olmasını bəhanə göstərməməyə, mümkün qədər anlaşılan dildə ifadə etməyə çalışacağam.

İlk olmaqla birlikdə gələn, amma heç də həmişə müsbət məna daşımayan bir xüsusiyyət daha var: tək olmaq. Bir müddət ikisi birlikdə addımlayır: “ilk” və “tək”. Daha sonra “ilk” tək qalır. İnşallah bu blogda da belə olar. 🙂