İnternet yoxsa əsəb?

Açıldığı ilk vaxtlardan Azerfon-Vodafone mobil internet istifadəçisiyəm.

Ev üçün ADSL qoşdurmuşdum. Azerfon-a 3G lisenziyası verildikdən sonra qərara gəldim ki, artıq mobil modem alım və internetimi özümlə hər yerə danışa bilim. Evdə ADSL-i dayandırdım və Azerfon mobil modemi aldım.
Aldım, amma aldığıma peşman oldum:

Öncədən ödəməli aylıq paketlərdən birini işlədirdim. İlk ay başa çatdı. İkinci ay hesaba yüklədiyim pullar heç cür aktivləşmək bilmirdi. Bu barədə müşəri xidmətləri də mənə heç bir kömək etmədi (ya da edə bilmədi). Onlarla danışıq zamanı məlum oldu ki, mənim ödədiyim ödəniş ümumiyyətlə aylıq istifadə haqqı imiş; aldığım internet trafik isə (yəni öz aləmimdə almaq üçün pul ödədiyim şey), BONUS olaraq mənə verilirmiş. Bu o deməkdir ki, sən pulu ödəyirsən, internetdən istifadə haqqı satın alırsan, amma internetin özü isə sənə BONUS olaraq verilir. Başqa sözlərlə desək, sənə verilmiş internet istifadə haqqıni işlədə bilməsən buna görə hüquqi baxımdan “incimək” lazım deyil. Hətta bu barədə şikayət belə yazdım şirkətin prosedur qaydalarına uyğun olaraq.

Uzun müddət bu aktivləşməmə problemi ilə əlləşdikdən sonra bir müddət o modemi ümumiyyətlə işlətməmək qərarına gəldim. O arada sistemdəki problemlərin aradan qaldırılması üçün xaricdən mütəxəssislərin gəldiyi barədə məlumat aldım. Müştəri xidmətlərindən zəng vurub, artıq problemlərin həll olduğunu və növbəti ay üçün yenidən ödəniş edib istifadə etməyi təklif etdilər. Mən qarantiya tələb etdim, dedilər ki, elə bir şey verə bilməzlər. Təklif elədim ki, hələlik aktivləşdirsinlər; işləsə ödəniş edim, istifadə edim: razı olmadılar. Dedim, ödəsəm, işləməsə ödənişi geri qaytaracaqlar? Buna da mənfi cavab verdilər.

Daha sonra isə Azerfon-Vodafone gündəlik-həftəlik paketlər çıxardı. Mən də yenidən bəxtimi sınaq qərarına gəldim. Belə daha az risklidir.

Bəzən elə olur ki, sən tam da gündəlik 2 manatlıq istifadə haqqını ödəyirsən amma internetə qoşula bilmirsən. Müştəri xidmətlərinə zəng vurursan və məlum olur ki, “təkmilləşdirilmə işləri aparılır” və “ən az 2-3 saat” internet olmayacaq. Müştəri xidməti təkmilləşdirilmə işlərinin nə vaxt başa çatacağı və internetə nə vaxt qoşula biləcəyin barədə dəqiq vaxt deməmək mövzusundan “çox həssasdır”. Həmin gün, ki adətən evdə axşam qoşulmaq lazım olur, kompyuteri söndürüb yatmalı olursan. İşlər isə, yarımçıq qalır.

Sürət ümumiyyətlə zəifdir. Bəzən normal sürət olsa da, çox vaxt bu stabil olmur. Tez-tez qırılır. Məsələn Youtube-da 320 ölçülü videoya dayanmadan, axcı baxmaq mümkün olmur çox vaxt. Skype-da video chat etmək bəzən mümkün olur. Amma bir çox hallarda problem yaşanır. Ən azından mənim təcrübəmdə adətən belə olub. Özümlə bir neçə dəfə Lənkərana aparmışam. Orda Skype-la vəziyyət daha da pis olub.

Image

Speedtest.net nəticəsi

Onu qeyd eliyim ki, bu yazını yazarkən internet bir neçə dəfə qırıldı. Yəni şəbəkəyə qoşulmuş halda qalırsan, amma internet olmur (Access: Local only). Yenidən qoşulmaq lazım gəlir (disconnect/connect).
Bütün bunlara baxmayaraq hələ də işlədirəm. Niyə? Yəqin ona görə ki, hələ də ümid edirəm düzəcəyinə. Ən azından artıq alternativsiz deyil.

P.S.: Yazını Yoxla.az-da istifadəçi qeydi olaraq yazmağa başlamışdım. Uzandıqca uzandı və saytın 3000 işarəlik limitini aşdı. Burada yazıb ordan link vermək qərarına gəldim.