Milli Spam MMC
Bu yazını oxuyursunuzsa, artıq SPAM-la da çoxdan tanışsınız deməkdir.
İnternet kommunikasiyalarının qara üzlərindən biri də spamdır. Qısaca “kütləvi olaraq yayımlanan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumat” olaraq tərif vermək olar spama. Çox əhatəli anlayış olsa da biz sadəcə e-mail spamları haqqında danışacağıq burada.
Dünyada hər gün yüz milyardlarla spam e-mail göndərilir. Bu ümumilikdə göndərilən elektron məktubların təxminən 85 faizini təşkil edir.
Spamların statistikası, coğrafi mənşəyi, məzmunu, iqtisadiyyatı haqqında çoxlu yazılar yazılıb. Hətta bu yaxınlarda beynəlxalq nüfuzlu nəşrlərdə yayımlanan spamla bağlı bir neçə yazıda ölkəmizin və banklarımızın adları da çəkildi.
Daha çox spama məruz qalanlar əsas alınaraq yazılan bu yazılar adi istifadəçiləri spam-dan qorumaq yolları axtarışında yazılıb. Biz isə, burda spam göndərənləri düşünüb, onların halına yanacağıq. Daha doğrusu milli spam göndərənləri.
“Soğan olsun, nağd olsun”
Nə vaxt bir müştəri ilə (əsasən də kiçik biznes sahibləri ilə) biznesin inkişafı, yeni müştərilərin cəlb olunması, yeni xidmət və məhsulların, kampaniyaların insanlara çatdırılması haqqında danışsaq, söz dönüb-dolaşıb gəlir flayer paylamağa.
Müştəri yəqin ki “soğan olsun, nağd olsun” prinsipi ilə yanaşır məsələyə. Kampaniya haqqında bütün məlumatı “ŞOK, İLK, TƏK, YEK” kimi sözlərlə və səliqəsiz bir dizaynla doldurur bir kağız parçasına və cavan oğlanın ya da qızın birinə tapşırır ki, bunu paylasın küçədən keçən camaata.
Düşünür ki, bəli, məlumat hazırdır, 20 min dənə çap olunub. Gözümün qabağındadır. Əllə tutmaq da olur. Yəni realdır. 20 min flyer! Bu 20 min adam deməkdir! Onlardan 2-3 faizi belə gəlib müştəri olsa, bəsimizdir. Əslində ürəyinin dərinliklərində daha çox geri dönüş olacağına inanır.
Amma bu lifletlərin, flayerlərin hansı insanlara çatdırılması, bunları alan insanların onu oxuyub-oxumaması, oxusa belə onda necə bir təəssürat oyadacağı barədə çox dərindən düşünmürlər. Düşünməyi təklif etdikdə də: “Siz məsələyə reklamçı gözüylə baxırsız” deyib nöqtəni qoyurlar.
Flayer meselesi əlbəttə, başqa bir yazının mövzusudur. Amma Spam-la da əlaqəsi var.
Məsələ ondadır ki, Spam göndərən şirkətlər də eyni məntiqlə düşünürlər: “Soğan olsun, nağd olsun”.
Əslində ikisi arasında fərq heç yoxdur demək də düzgün deyil. Ən azından hüquqi baxımdan arada böyük fərq var. Spam göndərməkdən fərqli olaraq küçədə durub flayer paylamaq daha qanuni bir fəaliyyətdir. Spam isə artıq bir çox ölkədə qanun pozğunluğu sayılır. Və ümumiyyətlə yoldan keçən insan orada paylanan broşuru, lifleti, flayeri almaqdan imtina edə bilər rahatlıqla.
Kimdir Spam göndərənlər?
Spam bizə bir çox “gözəl” şey kimi, xaricdən gəlib. Amma biz də öz “gözəlliyimizi” qatmışıq bu işə.
Dünya üzrə spam göndərənlər adətən açıq aşkar, normal yoldan məhsullarını, xidmətlərini təklif, təbliğ edə bilməyənlərdir. Dünya üzrə spamla ən çox əczaçılıq sektoruna aid məhsul və xidmətlər reklam olunur. Bunların böyük əksəriyyəti cinsi gücü artıran vasitələr və artıq çəkidan azad olmaq üçün vasitələrdir. Bundan başqa spamla bahalı saatların saxta oxşarları, online qumar saytları, kazinolar, saxta diplomlar, phishing cəhdləri, saxta lottareyalar reklam olunur. Bütün bu xidmət və məhsulların ortaq özəlliyi online əldə oluna bilmələridir.
Gələk bizə
Bir neçə il əvvəl bizdə spamlar yeni-yeni görünməyə başlayanda kifayət qədər az idilər və diqqəti cəlb edə bilirdilər. Sırf belə maillərin toplandığı qovluq da yaratmışdım Yahoo mailimdə.
Daha çox qız adlarından göndərilən bu “reklamlar” əsasən ayrı-ayrı əyləncə saytlarına aparırdı. Saytlar da Zəngimcell-lə gəlir əldə etməyə çalışırdılar.
Paralel olaraq Gmail hesabımda da “milli spam” adlı “label” yaratmışam. Gmail hesabım bir neçə korporativ e-mailləri də cəməşdirdiyinə görə, o hesablara gələn spamlar da burda yığılır. Müqayisə etmək üçün qeyd edim ki, fərdi e-maillərdən adətən info@…., contact@…. kimi başlayan korporativ e-mail hesablarına daha çox spam göndərilir.
Korporativ e-mail hesablarına daha çox spamın gəlməsi öz-özlüyündə, onların məzmunu barədə fikir söyləmyə imkan verir. Belə ki, hazırda spam mailləri arasında B2B təkliflərin sayı önəmli dərəcədə artıb. Getdikcə daha çox şirkətlər öz məhsullarını başqa şirkətlərə təklif etmək üçün spama əl atırlar.
Bundan başqa, fərdlərə yönəlik təkliflər də korporativ e-maillərə spam olunur. Məsələn, (turizm agentlikləri kimi) bəzi şirkətlər, öz məhsulları barədə spamları korporativ e-maillərə göndərməklə tanıtmaq yolunu seçirlər. Bunu edərkən onlar, çox güman ki, bu e-mail-ə baxanların “satınalma gücü daha çox olan”, “işlə təmin olunmuş”, hətta “rəhbər” şəxslər olduqlarını düşünərək edirlər.
Korporativ e-maillərə gələn spamların çoxluğu həm də, onların fərdi e-maillərə nisbətən daha daha rahat əldə oluna bilmələrinə görə də ola bilər.
Milli spammerlər
Spamla məhsul və xidmətlərini tanıtma yolunu seçən milli şirkətlərimiz heç də, dünyadakı kimi qeyri-leqal, normal yollardan satış və tanıtım edə bilməyən şirkətlər deyil. Spama əl atan şirkətlərimiz arasında kurslar, kafelər, tədbirlər kimi kiçik biznes sahələri olduğu kimi, banklar, avtomobil dilerləri kimi olduqca ciddi və böyük şirkətlər də var.
Spama əl atan şirkətlərə avtomobil şirkətləri arasında Chery Motors, Opel və Skoda rəsmi təmsilçilərini; bank sektorundan Bank of Baku və RoyalBank-ı; turizm şirkətləri arasından Dervish travel, GREENWICH Travel Club, Geo-Travel-i; otellər arasından Landmark Hotel Baku, Panorama Villa Lux, Ambiance Hotel, Kiçik Qala otelini; tibb mərkəzləri arasından isə İstanbul FBM estetik klinikasını, Mərkəzi Klinikanı, Atlas Tibb Mərkəzini nümunə göstərmək olar. Milli spammerlər arasında dünyanın məhşur moda brendləri də var. Belə ki, Azərbaycanda hətta Pierre Cardin, Patrick Hellmann kimi brendlər belə spamla reklam olunur.
Əslində spam göndərənlər arasında bunu e-mail marketing niyətiylə edənlər də var. Onlara spamı bu adla satmış ola bilərlər. Spamı e-mail marketing adı altında müdafiə edə bilərlər. Amma, spamla e-mail marketing arasında yerlə göy qədər fərq var. Bu barədə isə növbəti yazıda.
javideas 10:39 on 20/06/2011 Daimi bağlantı |
Greenüich öldürübeee doğrudan da:)
Tural 00:29 on 24/06/2011 Daimi bağlantı |
Əflatun,siyahıya Celamig (medic.az) da əlavə edə bilərsən.
Farid 03:05 on 24/06/2011 Daimi bağlantı |
Teklif edirem, nospam.az sayti achib, butun spammerleri gosterek. Ilko’dan tutmush balacalarina kimi. Chox qudurublar!
Bugunkiler: PierreCardin (Pierre Cardin eee! lol), Shans Metbee, Celamig Medic.
Screenshots:
http://www.imagebam.com/image/ad3343137787886
http://www.imagebam.com/image/67a561137787891
http://www.imagebam.com/image/257270137787897
aflatunus 04:34 on 24/06/2011 Daimi bağlantı |
Farid. Sən deyən variant bir dəfə təklif olmuşdu, bu mövzunu müzakirə etdiyimiz qapalı bir sistemdə.
Amma düşünürəm ki, məqsəd təkcə onları (spammerləri) tapıb ortaya çıxarmaq, ifşa etmək, gözdən salmaq olmamalıdır.
Adamları başa salmaq lazımdır ki, tutduqları yol özlərinə heç də başucalığı gətirmir və qətiyyən effektiv deyil.
İnşallah bunun üçün növbəti yazıda Spam-ın niyə göndərənin özü üçün zərərli olduğu, spam yerinə email marketing-in necə təşkil edilməli olması mövzularına toxunacam. Və bu yazıların linkini həmin spammerlərə göndərəcəm.
Ümid eliyirəm ki, bu daha effektiv addım olar. 🙂
Farid 20:11 on 25/06/2011 Daimi bağlantı |
Gözəl fikirdi, həmişəki kimi sizi dəstəkləyirəm!
Farid 16:40 on 27/06/2011 Daimi bağlantı |
http://ilkoreklam.com/rem.htm
“Опасайтесь мошенников!
Не станьте жертвой малолетних мошенников, работайте с профессионалами!”
😆